Filmdəki
hadisələr müasir şəhərlərdən birində baş verir. Nəşriyyat korrektoru
Rüstəm Ağayev(Ötkəm İsgəndərov) içərisində cin
yerləşdirilmiş qədim çıraq tapır. İstedadlı, lakin zəif xarakterli
Rüstəm üçün bu çıraq göydəndüşmə olur. Cinin köməkliyi ilə gəncin işləri
yoluna düşür: onun pyesi çapa hazırlanır, sevdiyi qız-Maya(Nataliya Tağıyeva) ona ərə getməyə
razılıq verir, mənzilində çarhovuz peyda olur. Lakin Rüstəm hər şeyə özü
nail olmaq istəyir. Cin öz "sahibini" atıb gedərkən ona bir sirr açır:
insan öz gücünə inanmalı, möcüzə yaratmaq üçün onda güclü istək
olmalıdır.
Filmdə rəmzi məna daşıyan cin obrazının müasir məkana daxil olması,
müasir adamlarla ünsiyyətə girməsi bütünlüklə şərti xrakter daşıyır.
Filmin izlədiyi ideya, aşıladığı fikir də məhz bu şərtilik fonunda
çatdırırlır. Əlif Lam öz sahibinin yarımçıq işlərini tamamlamağa
girişir, hər şeyi Rüstəm üçün əlverişli bir istiqamətə yönəldir. Lakin
bu süni uğurların mənəvi zövq vermədiyini, yeknəsəq həyat ritminə
məzmunlu heç nə əlavə etmədiyini görən Rüstəm Əlif Lamın köməyindən
imtina edir. O başa düşür ki, insan həyatda hər çətinliyi özü aradan
qaldırmalı, bu yolda yalnız öz gücünə, öz real imkanlarına
arxalanmalıdır. Bunun üçün isə təkcə arzulamaq yox, həm də cəhd
göstərmək, mübarizə aparmaq lazımdır. Əməllərinin heç bir nəticə
vermədiyini görən Əlif Lam da axırda ibrətamiz bir nəticəyə gəlir: İnsan
arzulamayanda, konkret məqsədə can atmayanda onun olan-qalan bacarığı
da süstləşir, hərəkətdən qalır. Göründüyü kimi, filmin mərkəzində
dayanan ideya mənəvi-psixoloji səciyyə daşıyır. O, fəaliyyətsizliyə,
ətalətə qarşı yönəldilmişdir. (Əlisəftər Hüseynov)
Şərh yazmaq üçün Daxil ol ya da Uzv ol .