Filmdə Umbakı qəsəbəsində
yerləşən və yalnız Qafqazda olan "Cüzam"
xəstəxanasının sakinlərindən bəhs olunur. Əsərdə bu xəstəliyə yoluxmuş
insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının
zəruriliyi vurğulanmışdır.
Əslində hadisələr real həyatdan götürülsə də, film sivil dünyanın
hətta əlacsız xəstəliklərə məruz qalmışların xilası naminə onlara insani
münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddin sökülməsi,
onlara mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film səhiyyənin
təhlükəsizlik qanunlarına əsasən cəmiyyətdən təcrid olunan insanların
sağ ikən yaxınları üçün itirilməsinə üsyandır. Filmin əsas qayəsi budur
ki, nə qədər cəmiyyətdə insanlara bir-birindən fərqli münasibət var,
xilas mümkün deyil.
Onlar elə bir bəlaya düçar olublar ki, dustaqlara, əsirlərə həsəd
aparırlar. Çünki onlar yaşadıqları halda yaxınları, əzizləri üçün artıq
yoxdurlar. Cəmiyyət onlarla üzləşmək belə istəmir.
Onlar öz dərdlərini
özləri çəkməlidirlər. Dərd isə çarəsiz, ümidsizdir. Söhbət cüzam
xəstəxanasının sakinlərindən gedir. Cüzam irsən keçən xəstəlikdir. Əgər
kimsə buna düçar olubsa, onun hansısa bir nəslində bu zühur oluna bilər.
“Məhkumlar” filminin qəhrəmanı Leylanın (Sevinc Əlişova) başına gəldiyi kimi.
Atası (Sabir Məmmədov) onun xəstəliyinin
çarəsini tapa bilmədiyindən bu dərdə dözməyib erkən vəfat etmiş, anası
isə (Nəcibə Hüseynova) onu Umbakıda yerləşən
xəstəxanaya atmışdır. Hətta ailələrində olan digər iki qızın adını
qorumaq üçün hamıya onun ölmüş olduğunu bildirib, özləri isə Leylanı
birdəfəlik unutmuşlar. Leyla üçün dünya Moskva Tibb Universitetinin
tələbəsi Eldarın (Ramil Zeynalov) bu xəstəxanaya təcrübəyə gəlişi ilə
başlayır. Eldar Leylanı sevir. Bütün qohumlarının, yüksək vəzifəli
atasının iradəsinin əksinə olmuş olsa belə.(Ədəbiyyat Qəzeti, 18 may
2007). Lakin atalar demişkən: Sən saydığını say, gör fələk nə sayır...
Şərh yazmaq üçün Daxil ol ya da Uzv ol .